Beynəlxalq qrossmeyster Nicat Məmmədov: Naxçıvan şahmatçılar üçün ideal məkandır

A- A A+

Keçirdiyim bütün oyunlar mürəkkəb idi, çünki “A” qrupunda zəif oyunçu yoxdur. Ağ fiqurlarla oynadığım oyunlarda çətinlik çəkməsəm də, qara fiqurlarla oynadığım oyunlar çətinliklə keçdi.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının “A” qrupunun qalibi qrossmeyster Nicat Məmmədov deyib.

“İsrailli qrossmeyster İlya Smirinə qarşı keçirdiyim oyunun xüsusilə çətin olmasına baxmayaraq, qalib gəlməyi bacardım. Bu da mənim liderliyə yüksəlməyimə səbəb oldu”, – deyən Nicat Məmmədov ilk dəfə iştirak etdiyi bu festivalda qələbə qazanmasından çox sevindiyini vurğulayıb.

Beynəlxalq Şahmat Festivalının yüksək səviyyədə təşkil olunduğunu bildirən Nicat Məmmədov yaradılan gözəl şəraitə görə təşkilatçılara minnətdarlıq edib.

Uzun müddətdir Naxçıvana getmədiyini qeyd edən Nicat Məmmədov deyib: “Bu dəfə burada gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Naxçıvan şəhəri daha da gözəlləşib, yeni-yeni müasir binalar inşa olunub, yollar başdan-başa abadlaşıb. Buranın təmiz havası, sakit mühiti, şəhərdəki parklar və yaşıllıqlar insanda xoş təəssürat yaradır. Naxçıvan şahmatçılar üçün ideal məkandır”.

Qeyd edək ki, Nicat Məmmədov 1985-ci ildə indiki Kəngərli rayonunun Yurdçu kəndində dünyaya göz açıb. Səkkiz yaşından şahmatla məşğul olmağa başlayıb. Müxtəlif yaş qruplarında üçqat Azərbaycan çempionu, 1999-cu ildə 14 yaşa qədər oğlan şahmatçılar arasında Avropa çempionu olub, 16 yaşlı oğlanlar arasında Dünya çempionatında II yerə, 2007-ci ildə Almaniya və İngiltərədə keçirilən turnirlərdə I yerə layiq görülüb. Bir çox turnirlərdə mükafatlandırılıb. O, Azərbaycan milli komandasının tərkibində Dünya Uşaq Şahmat Olimpiadasında iştirak edib. 2006-cı ildən beynəlxalq qrossmeysterdir. Hazırda Türkiyə Şahmat Federasiyasının dəvəti ilə “B” milli komandasının məşqçisidir.

Nicat Məmmədovun yetirmələrindən olan qrossmeyster Vahap Sanal və FIDE ustası Dəniz Özen də “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının “A” qrupunda mübarizə aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: