Dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərində start götürəcək FIFA klublararası dünya çempionatının sonuncu iştirakçısı müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, Argentina təmsilçiləri arasında Libertadores Kubokunun (CONMEBOL) cavab final görüşündə “Boka Xuniors”u 3:1 hesabı ilə məğlub edən “River Pleyt” mundiala vəsiqə qazanıb.
Püşkə əsasən, açılış oyunu dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin çempionu “Əl-Əyn”lə Okeaniya Futbol Konfederasiyası (OFC) Çempionlar Liqasının qalibi olan Yeni Zelandiyanın “Tim Vellinqton” komandaları arasında təşkil ediləcək.
Cütün güclüsü 1/4 finalda Afrika Çempionlar Liqasında (CAF) birinci yeri tutan Tunisin “Esperans” kollektivi ilə üz-üzə gələcək. Digər oyun isə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) Çempionlar Liqasının qalibi Meksika “Qvadalaxara”sı ilə Asiya Çempionlar Liqasını (AFC) qazanan Yaponiyanın “Kasima Antlers” komandası arasında keçiriləcək. 1/4 finalın oyunları dekabrın 15-də baş tutacaq.
“River Pleyt” ilə turnirin və UEFA Çempionlar Liqasının son qalibi olan İspaniya “Real Madrid”i mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq. Bu komandalar 18-19 dekabrda keçiriləcək matçlarda müvafiq olaraq, 2 və 3-cü oyunların qalibləri ilə qarşılaşacaqlar.
Final və üçüncü yer uğrunda oyunlar dekabrın 22-də təşkil ediləcək. Mundialın matçları Abu-Dabidəki “Zayed Sport Siti” və Əl-Əyndəki “Hazza bin Zayed” stadionlarında keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.