Fransa çempionatının X turunun “Marsel”–“Lion” oyunu zamanı baş vermiş insident zamanı 5 polis əməkdaşı yaralanıb və 9 nəfər həbs edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Darmanen yerli mətbuata açıqlamasında məlumat verib.
O bildirib ki, yerli azarkeşlərin qonaq komandanı daşıyan avtobusa hücumu nəticəsində Fabio Qrosso və köməkçisi Raffaele Lonqo müxtəlif dərəcəli xəsarətlər alıblar.
Bu səbəbdən qarşılaşma Fransa Futbol Federasiyası tərəfindən ləğv edilib.
Baş vermiş hadisə ilə bağlı bəyanat yayan “Marsel” klubunun rəhbərliyi futbol dünyasında və cəmiyyətdə yeri olmayan bu zorakı davranışı qətiyyətlə pisləyib: "Bir neçə şüursuz insan üzündən planlaşdırılan bayram korlandı və 65000 azarkeş futbol matçına gəlməkdən məhrum oldu”, - deyə açıqlamada qeyd edilib.
J.Darmanen mətbuata açıqlamasında hadisəyə görə məsuliyyəti klubların üzərinə ataraq, görüşün təhlükəsizliyini təmin etmək üçün 500 polis əməkdaşının səfərbər edildiyini xatırladıb.