Rusiya millisinin Azərbaycanəsilli sabiq futbolçusu Aleksandr Səmədov ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messinin “Qızıl top” mükafatına layiq görülməsinə münasibət bildirib.
NUHÇIXAN xəbər verir ki, veteran yarımmüdafiəçi yerli mətbuata açıqlamasında 36 yaşlı forvardın mükafatı qazanmasında əsas amilin 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatı olduğunu söyləyib.
Səmədovun sözlərinə görə, dünya çempionluğu ulduz futbolçunun karyerasının ən böyük nailiyyətidir: “Hər şey obyektivdir. Messi usta və dahi futbolçudur. Amma şəxsən mən heç kimə azarkeşlik etmirdim. Düşünürəm ki, Kilian Mbappe və Erlinq Holann da karyeraları ərzində “Qızıl top”un qalibi olacaqlar”.
Qeyd edək ki, Lionel Messi səkkizinci dəfə “Qızıl top” mükafatına layiq görülüb.