Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
Azərbaycan Boks Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yarışın ilk günündə milli komandanın iki üzvü rinqə çıxıb.
57 kiloqramda Əzrək Bəbirov Ariol Zeneli (Albaniya) ilə gücünü yoxlayıb. 1/8 finalda baş tutan döyüş Ə. Bəbirovun qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi rəqibini 5:0 (30:27, 30:26, 30:27, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Pirs Keri ilə qarşılaşacaq. Görüş noyabrın 16-da olacaq.
63,5 kiloqramda çıxış edən Cəlal Qurbanov da Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda Bartlomey Roskovijlə (Polşa) döyüşüb və mərhələ adlayıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). C. Qurbanov ikinci görüşünü noyabrın 14-də Aleksey Sendrikə (Serbiya) qarşı keçirəcək.
Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 7 boksçusu mübarizəyə qoşulacaq.