Görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, 10 şahmatçının iştirakı ilə baş tutacaq yarış rapid və blits üzrə təşkil olunacaq.
Sayca 9-cu yarışa Qəbələ ilk dəfə ev sahibliyi edəcək. 7-11 dekabrda keçiriləcək superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il), ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il), özbəkistanlı Nodirbek Abdusattorov (2022-ci il) isə bir dəfə turnirin qalibi olublar.