"Düzgün təhlillər olandan sonra bu nəticəni unutdura bilərik".
NUHÇIXAN xəbər verir ki, bunu açıqlamasında kişi şahmatçılardan ibarət Azərbaycan millisinin üzvü Rauf Məmmədov Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatı ilə bağlı danışarkən deyib.
35 yaşlı qrossmeyster nəticənin onlar üçün də gözlənilməz olduğunu bildirib: "Artıq yarışdan 4 gün keçib. İdmanda bəxtsizlik sözünü işlətmək bir az düzgün deyil. İlk turda qələbə qazanmalıydıq, amma məğlub olduq. Mənim noutbukumun oğurlanmasından sonra bu yenilgi ardıcıl ikinci zərbə oldu. Daha sonra iki inamlı qələbə əldə etdik. Xorvatiya ilə görüşdə inanılmaz şeylər baş verdi. Nicat Abasov qalib gələ biləcəyi görüşdə məğlubiyyətlə üzləşdi. Həmin vaxt qalib gəlsəydik, liderlər sırasında yer ala bilərdik. Belə hallar ilk 4 turda baş verdi və sonra təəssüf ki, özümüzə gələ bilmədik".
Təcrübəli şahmatçı turniri təhlil etdiklərini söyləyib: "İdmanda belə hallar baş verə bilər. 20 ilə yaxındır ki, yığmada çıxış edirəm. İlk dəfə belə nəticə ilə üzləşirəm. Ötən il şahmat olimpiadasına 7-ci başlayıb, həmin pillədə başa vurmuşduq. Bəzən güclü yığmalar da istənilən nəticəni vermir. Qadın şahmatçılarımız gümüş medal qazandılar. Çempion ola da bilərdilər. Onların gümüş medal əldə etməsi bizim nəticəni bir az bağlayır".
Qeyd edək ki, kişi şahmatçılardan ibarət millimiz Avropa çempionatını 9 xalla 18-ci yerdə bitirib. Qadınlar isə turniri gümüş medalla başa vurub.