Azərbaycan millisinin baş məşqçisi: “Təcrübəsizlik öz sözünü dedi”

A- A A+

“Təcrübəsizlik öz sözünü dedi”.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə  açıqlamasında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdəki çıxışları ilə bağlı danışarkən deyib.

O, Belarusa 1:3, Mərakeşə isə 1:5 hesablı məğlubiyyətlərə baxmayaraq, komandanın yaxşı təcrübə topladığını bildirib: “Rəqiblər çox güclü idilər. Mərakeş inkişafda olan yığmalardan biridir. Məğlubiyyətlərə baxmayaraq, yaxşı təcrübə qazandıq. Belə turnirlərin tez-tez təşkili bizim üçün çox yaxşı olar. Heyətimizin yarısı ilk dəfə bu səviyyədə yarışda iştirak edirdi. Aşağı yaş qrupları olmadığından millimizin bəzi oyunçuları cəmi bir ildir futzalla məşğul olurlar. Respublika səviyyəsində oyun görməyən uşaqlar birdən-birə beynəlxalq turnirə qatılmışdılar”.

Baş məşqçi U-19 yığmasında istedadlı uşaqların olduğunu sözlərinə əlavə edib: “Mənim işim əsas milliyə oyunçu yetişdirməkdir. Məqsədimiz məhz budur. Komandamızda perspektivli uşaqlar var. Ümid edirəm ki, 2-3 ildən sonra bunun bəhrəsini görəcəyik”.

İlqar Aslanovun sözlərinə görə, perspektivli gənclərin böyük futbolla məşğul olmaları onları çətin duruma salır: “Bir neçə istedadlı uşaq var ki, hazırda böyük futboldadır. Məsələn, “Sumqayıt”da, “Səbail”də belə gənclər var. Ancaq onları futzala cəlb etmək çətindir. Çünki bilirlər ki, böyük futbolda qalsalar, daha çox qazanc əldə edəcəklər. Bu da bizə problem yaradır”.

Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə təşkil olunan beynəlxalq futzal turnirində Mərakeş 1-ci, Belarus 2-ci, Azərbaycan isə 3-cü yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: