Naxçıvandan 60 gənc Qubada təşkil olunan düşərgəyə qatılıb - FOTOLAR
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba rayonu ərazisində "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. Hərbi simulyativ formatda olan layihəyə əsasən ölkənin müxtəlif regionlarından olan gənclərin iştirakı ilə 3 gün müddətində müxtəlif təlimlər, idman yarışları, nəzəri və praktiki tapşırıqların icrası, Vətən müharibəsi iştirakçıları ilə görüşlər və digər tədbirlər nəzərdə tutulub.
Öncəki ölkə miqyaslı düşərgələrdən fərqli olaraq muxtar respublika ilk dəfə rekord heyətlə təmsil olunur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, düşərgəyə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 3 nümayəndəsi və 60 gənc qatılıb.
Proqrama uyğun olaraq iştirakçılar bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını, o cümlədən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını ifadə ediblər. Axşam radələrində düşərgənin yerləşdiyi ərazidə rəsmi açılış mərasimi təşkil olunacaq.