Kişi badmintonçulardan ibarət Azərbaycan millisi Çex Respublikasının paytaxtı Praqada keçirilən Avropa çempionatının təsnifat mərhələsinə qələbə ilə başlayıb.
NUHÇIXAN xəbər verir ki, yığma qrupda ilk oyununu Norveç kollektivinə qarşı keçirib. Heyətində Edi Reski Dviçayo, Muhammad Kadafi, Aqil Qəbilov, Diki Pangestu və Rəvan Niftəliyevin yer aldığı komanda rəqibini 4:1 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan millisi Avropada ilk rəsmi qələbəsinə imza atıb.
Yığma növbəti oyununu dekabrın 9-da norveçlilərə 3:2 hesabı ilə qalib gələn İrlandiya seçməsinə qarşı keçirəcək. Qrup liderini müəyyənləşdirəcək oyun Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.