“ABU Arena”da həndbol üzrə Azərbaycan kuboku yarışları başlayıb. Yarışda 5 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparır.
NUHÇIXAN Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, qadın həndbolçuların yarışının açılış matçında “Qarabağ” və “İdman Akademiyası” kollektivləri üz-üzə gəliblər. İmkanları daha yüksək qiymətləndirilən “Qarabağ” gözlənildiyi kimi görüşü qələbə ilə başa vurub – 37:25.
Kişi həndbolçuların yarışında isə ilk oyun günü iki qarşılaşma olub. U-16 – “Məhsul” görüşündə nominal meydan sahiblərinin uduzacağı şübhə doğurmurdu. Daha təcrübəli rəqibin həmlələrinə tab gətirə bilməyən yeniyetmə həndbolçular böyük hesablı məğlubiyyətlə barışıblar – 21:41.
Yarışın digər favoriti - “Bakı” da turnirə qələbə ilə başlayıb. Paytaxtın eyni adlı komandasının “Təhsil” kollektivi ilə görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. İmkanlardan daha səmərəli faydalanan “Bakı” 40:30 hesabı ilə qalib gəlib.
Azərbaycan kubokunun yarımfinal və final görüşləri gələn ilin martında təşkil olunacaq.