İngiltərə Premyer Liqasının 17-ci turunda “Enfild” stadionunda “Liverpul”la “Mançester Yunayted” arasında qeydə alınmış heç-heçə hesabı “qırmızı şeytanlar”ın uğursuz qolsuzluq seriyasını davam etdirib.
NUHÇIXAN xəbər verir ki, mankunianlar 2018-ci ildən bəri “Enfild”də qol vura bilmirlər.
Sonuncu qol 2018-ci ilin dekabrın 16-da vurulub. “Yunayted”in 3:1 hesabı ilə yenildiyi oyunda qonaqların yeganə qolunu Cessi Linqard vurub. Bu məğlubiyyətdən sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm Premyer Liqada səfərdə 7 dəfə məğlub olub. 17-ci turdan sonra Erik ten Haqın komandası turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
“Liverpul” cəmi bir dəfə – hakimin şübhəli qərarlar verdiyi matçda məğlub olub və ikinci yerdə qərarlaşıb. “Mançester Yunayted”lə “Liverpul” arasında cavab oyunu apreldə baş tutacaq.