“Lunyovun “Qarabağ” kimi komanda ilə pley-offa çıxmasına şadam”.
NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya millisinin sabiq futbolçusu Vladislav Radimov həmyerlisi Andrey Lunyovun “Qarabağ”ın heyətində UEFA Avropa Liqasının qrup mərhələsindəki performansını dəyərləndirərkən deyib.
48 yaşlı mütəxəssisin fikrincə, “Bayer 04” klubu ilə Almaniyadakı görüşdə Azərbaycan çempionunun daha çox qol buraxmasına məhz Lunyov mane olub: “Lunyov qrup mərhələsinin 6 görüşünün hamısında iştirak etdi və “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəldi. Onların “Bayer 04" ilə səfər oyunlarına (1:5) baxdım. “Bayer 04” 5 qol vurdu, amma Lunyov olmasaydı, yəqin ki, “Qarabağ” 18 qol buraxardı”.
Qeyd edək ki, yer aldığı H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ” pley-off mərhələsində mübarizə aparacaq. Azərbaycan çempionunun bu raunddakı rəqibi bu gün bilinəcək.