“Neftçi”nin son üç oyununu stadiondan izləmişəm. Ona görə də flaqmanın hansı vəziyyətdə olduğu haqqında müəyyən məlumatım var”.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ötən ay karyerasını başa vuran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Premyer Liqanın XVII turunda bu gün keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu barədə danışarkən deyib.
Veteran müdafiəçi bildirib ki, qarşılaşmanın favoriti Ağdam təmsilçisidir: “Neftçi” üçün yeganə üstünlük “köhlən atlar”ın bir neçə gün əvvəl oyun keçirməsi və Qurban Qurbanovun edəcəyi mümkün rotasiya ola bilər. Heyət baxımından “Qarabağ” güclü olsa da, “Neftçi”dən sürpriz gözləmək olar”.
Onun sözlərinə görə, paytaxt təmsilçisi “Qarabağ”a məğlub olsa belə, bu, heç nəyi dəyişdirməyəcək: “Əsas odur ki, komanda öz oyununu tapa bilsin. “Neftçi”nin adına layiq oyun göstərməyi bu mövsümdəki bütün məğlubiyyətləri arxa plana ata bilər. Hazırda Bakı klubunun çempionluğundan danışmaq realist yanaşma deyil. Məncə, “Neftçi” 90 dəqiqə hücum edən, istənilən rəqibə qarşı dominant futbol oynayan, bir sözlə, azarkeşləri həyəcanlandıran futbol oynasa, bu, cari mövsüm üçün çempionluğa bərabər hadisə kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da start götürəcək. Hazırda “Qarabağ” 35 xalla turnir cədvəlinə başçılıq edir. 25 xalı olan “Neftçi” isə beşinci pillədə qərarlaşıb.