“Braqa” yaxşı təşkilatlanmış komandadır”.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına rəqib olması barədə danışarkən deyib.
Braqa şəhərinin eyniadlı təmsilçisinin Portuqaliya çempionatına uğurlu start verdiyini xatırladan braziliyalı veteran hücumçu ağdamlıların kifayət qədər ciddi rəqiblə qarşılaşacağını bildirib: “Onlar ötən mövsüm üçüncü yeri tutaraq, Çempionlar Liqasında oynamaq hüququ qazandılar. Qrup mərhələsində “Real Madrid” və “Napoli”yə qarşı yaxşı oyunlar keçirdilər”.
Portuqaliya futboluna yaxından bələd olan D. Dias Azərbaycan çempionunun növbəti mərhələyə çıxmaq şanslarının olduğunu istisna etməyib: “Qurban Qurbanov Portuqaliya çempionatını yaxşı tanıyır. Çünki hazırda rəhbərliyi altında daha əvvəl bu çempionatda oynamış futbolçular var. Əgər futbolçular baş məşqçinin istədiyi kimi aqressiv oynasalar, mərhələni keçmək şansları olacaq”.
“Qarabağ” pley-off mərhələsində ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.
Qeyd edək ki, Portuqaliyada “Maritimu”, “Uniau Madeyra”, “Kova-de-Piadadi”, “Berko” və “Mirandela” klublarında çıxış etmiş Danilo Dias 2014-2015-ci illər mövsümündə “Qarabağ”da oynayıb.