Güləş üzrə Azərbaycan yığmalarının yanvarın 10-da Xorvatiyada start götürəcək "Zaqreb Open" turniri üçün heyəti dəqiqləşib.
Federasiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli komandaların ümumilikdə 26 üzvü qüvvəsini sınayacaq.
İlk iki gündə məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə İslam Bazarqanov (57 kiloqram), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kiloqram), Zirəddin Bayramov (65 kiloqram), Cəbrayıl Qadjiyev (74 kiloqram), Osman Nurmaqomedov, Arseni Djioyev (hər ikisi 86 kiloqram), Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kiloqram) yer alıblar.
Daha sonra qadın güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Semyon Şterev və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Gültəkin Şirinova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Alyona Kolesnik (59 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kiloqram), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) turnirdə iştirak edəcəklər.
Qeyd edək ki, yarışda I kateqoriyalı hakim Kamran Əliyev ədaləti qoruyacaq.