AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
NUHÇIXAN xəbər verir ki, Milli assosiasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) ilə aralarında hər hansı bir danışıq aparılmayıb.
“AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib. Türkiyə qardaş ölkədir, Azərbaycanda həmin ölkə futbolunun, klublarının nə qədər azarkeşinin olduğunu, necə sevildiyini bilirik. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Türkiyənin “Fotospor” nəşri Azərbaycanın Superkuboka ev sahibliyi etmək üçün TFF-yə məktub göndərdiyini yazıb. Həlledici qarşılaşmada İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlməlidir.