AFFA “Qəbələ”nin futbolçusu Samuel Tettehin cəzasını azaltmayıb.
NUHÇIXAN-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb.
Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail”lə keçirilən görüşün 36-cı dəqiqəsində rəqibə zərbə endirdiyi üçün qırmızı vərəqə alan 27 yaşlı forvard üçün klubu apellyasiya şikayəti versə də, bu, təmin edilməyib. Həmçinin “Qəbələ” 3000 manat cərimə ödəyəcək.
“Qırmızı-qaralar” Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.