“Araz-Naxçıvan” mövsümün son ev oyunlarını Naxçıvanda keçirə bilər.
Bu barədə NUHÇIXAN-a Premyer Liqa klubunun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.
Klub rəsmisi rəhbərliyin bunun üçün əlindən gələni etdiyini deyib: “Mövsümün sonuna qədər komandanın bəzi ev oyunlarını Naxçıvanda keçirməsinə çalışırıq. Ancaq bunun üçün Peşəkar Futbol Liqasının tələb etdiyi şərtlər yerinə yetirilməlidir”.
M.Məmmədov bildirib ki, hazırda sənədləşmə işləri gedir: “Bu proses yekunlaşdıqdan sonra stadionda təmir-bərpa işləri aparılacaq. Arenada işə başlamaq sənədləşmə prosesindən asılıdır. Bunun da nə vaxt yekunlaşacağı məlum deyil”.
Qeyd edək ki, bu mövsümdən Premyer Liqaya qayıdan “Araz-Naxçıvan” ev oyunlarını “Dalğa Arena”da keçirir.