Keniyanın bir neçə bölgəsində güclü yağışlar və dağıdıcı daşqınlar 169 nəfərin ölümünə səbəb olub.
NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, hökumətin mətbuat katibi İsaak Mvaura Keniyanın qərbindəki May Mahyu şəhərində dağılan bəndin 48 nəfərin ölümünə səbəb olduğunu və çoxlu sayda insanın zərər çəkdiyini söyləyib.
Məlumatda Şərqi Afrika ölkəsində hazırda El Ninonun səbəb olduğu kəskin yağıntıların qeydə alındığı bildirilib. Keniya meteorologiya departamenti güclü yağışların bu həftə də davam edəcəyini, bəzi ərazilərdə daşqın və torpaq sürüşmələri ola biləcəyini proqnozlaşdırıb.
Son günlər yağan güclü yağış Nayrobi, Makueni, Qərbi Pokot və Maçakos əyalətlərində insan itkisi ilə nəticələnən böyük daşqınlara səbəb olub. Ölkədə biznes fəaliyyəti dayandırılıb və məktəblərin açılması daha bir həftə təxirə salınıb.
Xatırladaq ki, dağıdıcı daşqınlar 2023-cü ilin sonunda Keniyada 178 nəfərin ölümü, 242 nəfərin yaralanması və minlərlə insanın didərgin düşməsi ilə nəticələnmişdi.