Azərbaycanda dekabrın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 774 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
