20-30 mart tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində yağıntıların paylanması və intensivliyi təhlil edilib.
Hidrometeoroloji stansiya və məntəqələrdən əldə olunmuş müşahidə məlumatlarına əsasən, yaz mövsümünün başlanğıcına təsadüf edən bu dövrdə yağıntılar ərazi üzrə qeyri-bərabər paylanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, ən yüksək yağıntı miqdarı Parağaçay məntəqəsində 48 mm qeydə alınıb. Kükü (39 mm) və Biçənəkdə (37 mm) də yüksək göstəricilər müşahidə olunub. Bu, əsasən dağlıq və yüksəklikli ərazilərdə yağıntının daha intensiv düşməsi ilə izah olunur.
Orta səviyyəli yağıntılar Şahbuz və Ordubad rayonlarında 26 mm, Naxçıvan şəhəri, Kəngərli və Axura ərazilərində 25 mm təşkil edib. Sədərəkdə 26 mm, Culfa rayonunda 15 mm, Şərurda isə 19 mm yağıntı qeydə alınıb.
