Azərbaycanda iyunun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 27-30° isti olacağı ehtimal edilir.
