Cari ilin avqust ayında Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–5 dərəcə), 4 gün isə normadan aşağı (0–3 dərəcə) olub. Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.
Bu barədə NUHÇIXAN-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustda maksimal temperatur avqustun 9-da 39 dərəcə isti (Maştağa), bölgələrdə isə avqustun 9-u və 10-da 40 dərəcə isti (Kürdəmir) qeydə alınıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında avqustun 31-də 19 dərəcə isti (Sumqayıt), yüksək dağlıq ərazilərdə isə avqustun 30-da 6 dərəcə isti (Şahdağ) olub.
Avqustun bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 381 faizi olmaqla Quba - Qusar zonasına (Şahdağ - 250 millimetr) və aylıq normanın 305 - 617 faizi olmaqla, Bakıya və Abşeron yarımadasına (Bakı - 19 millimetr, Çilov adası - 26 millimetr) düşüb.
Avqust ayı ərzində Kəlbəcər rayonunun mərkəzinə və İstisu qəsəbəsinin Alagöllər ərazisinə dolu, o cümlədən Bakı və Abşeron yarımadasının şəhərətrafı ərazilərində intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.
Avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 12, bölgələrdə isə 28 gün küləkli hava şəraiti müşahidə edilib. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 23, bölgələrdə isə 24 metrə çatıb.
