Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
