Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.
Oktyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı bildirilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 23-28, bəzi günlərdə 30-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 19-32 millimetr).
