Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, noyabrın birinci ongünlüyünün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, küləkli, yağıntılı keçəcəyi ehtimalı var. Birinci ongünlüyün ikinci yarısında və ikinci ongünlüyün bəzi günlərində hava temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, hava şəraitinin nisbətən mülayim keçəcəyi proqnozlaşdırılır. Qeyri-sabit, güclü küləkli hava şəraiti isə üçüncü ongünlükdə gözlənilir. Ayın son günlərində havanın temperaturu iqlim normasından bir qədər aşağı olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 4-9° isti, bəzi günlərdə dağlarda 3-8° şaxta, gündüzlər 13-18°, bəzi günlərdə 8-10° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 18-28 millimetr).