Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 metrədək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, mayın 5-dən 6-sı axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.