Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 metrədək güclənəcəyi gözlənilir. Havanın arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı düşəcəyi ehtimal edilir.
Noyabrın 15-i axşam Azərbaycanın şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, sürəti arabir saniyədə 15-20 metr olacaq. Küləyin sürəti ayrı-ayrı yerlərdə arabir saniyədə 28-33 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.