Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 10-u səhərdən 11-dək şimal-qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə olacağı, səhər və gündüz bəzi yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcəyi gözlənilir. Fevralın 10-u axşam, fevralın 11-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.
Fevralın 10-u günün ikinci yarısı qərb rayonlarından başlayaraq fevralın 11-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Əsasən şimal və qərb rayonlarında yağıntının intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə olacağı, fevralın 10-da ayrı-ayrı yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcəyi bildirilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Fevralın 11-də gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.