May ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi bölgələrdə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, lakin Böyük Qafqazın bəzi yerlərində bir qədər çox olacağı ehtimal edilir. Birinci ongünlüyün birinci yarısında əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 17-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 13-18°, gündüzlər 20-25°, bəzi günlərdə 30-35° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 33-62 millimetr).