İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 2-4 dərəcə yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, Naxçıvan Muxtar Respublikasında, Şərqi Zəngəzur və Qarabağ bölgəsində, Qazax-Gəncə, Mərkəzi-Aran rayonlarında isə bir qədər az olacağı ehtimal olunur.
Birinci ongünlüyün birinci yarısında hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzlər bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu günü-gündən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir (norma 21-35 mm).