NUHÇIXAN xəbər verir ki, oktyabrın 19-u axşamdan 20-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 20-dək davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə - Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan Muxtar Respublikası, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə olacağı, ayrı-ayrı yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.