Bir neçə gündür ki, ölkə ərazisində payızın sonuna və qışın əvvəlinə xas olmayan hava şəraitinin şahidi oluruq. Cənub-şərq küləklərinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edib. Amma bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadası, həm də bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntıların artacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun verdiyi məlumata görə, noyabrın 27-si gündüzdən noyabrın 28-i səhərə qədər şimal qərb küləyinin əsəcəyi, arabir saniyədə 25-30 metr, yarımadanın bəzi yerlərində arabir saniyədə 32-35 metrədək güclənəcəyi gözlənilir.
“Noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar yağacağı, şimşək çaxacağı gözlənilir. Noyabrın 27-si axşamdan havanın temperaturu ötən günlərə nisbətən 10 dərəcə aşağı enəcək. Noyabrın 28-i gündüz saatlarında havanın temperaturu 10-12 dərəcə isti olacaq. Qeyri-sabit hava şəraiti bölgələrdə də davam edəcək”, - deyə xidmət rəisi bildirib.
Onun dediyinə görə, noyabrın 27-si şimal və qərb rayonlarından başlayaraq noyabrın 28-i axşama qədər ölkə ərazisində havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Xidmət rəisi daha sonra deyib: “Bölgələrdə qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20-25 metr, ayrı-ayrı yerlərdə saniyədə 33-38 metrə qədər güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Aran rayonlarda gecə 3-7 dərəcə, gündüz 11-15 dərəcə isti, dağlıq rayonlarında 4-9 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə isti olacağı gözlənilir”.