Naxçıvanda "Mən mühasib olmaq istəyirəm" təliminə start verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyi və 2 fevral-Gənclər Gününə həsr olunmuş "Mən mühasib olmaq istəyirəm" adlı üçgünlük təlimlərə start verilib.
Təlimdə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan gənc maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan gənclər olmaqla ümumilikdə 70 nəfər iştirak edib.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatların mühasibat uçotu sahəsində də ənənəvi uçot sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələndiyini qeyd edib.
Təlimdə mərkəzin baş mütəxəssisi Aytən Mənsumzadə mühasibat uçotunun mahiyyəti və mühasibin müəssisədəki rolunun vacibliyindən danışıb. Təlimçi maliyyə bərabərliyi, onun tərkib elementləri, əməliyyatlar əsasında müxabirləşmələrin aparılması və bu əməliyyatların maliyyə bərabərliyinə təsirini əyani şəkildə izah edib.
Proqrama uyğun olaraq təlimin növbəti iki gün ərzində davam etməsi nəzərdə tutulub.