Zəifləyən post-pandemiya təsirləri və neft hasilatında struktur azalmanın davam etməsi fonunda Azərbaycanın ortamüddətli perspektivdə (2024-2028-ci illərdə) iqtisadi artım tempinin 2,3 % olacağı proqnozlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.
Eyni zamanda, IMF neft ÜDM-inin 5 il ərzində orta hesabla 0,5 % azalacağını, qeyri-neft ÜDM-inin 2024-cü ildə 3,6 %, 2025-2028-ci illərdə isə orta hesabla 3,5 % artacağını proqnozlaşdırır.
“Pandemiyadan sonrakı güclü bərpanın ardınca artım yavaşlayır, inflyasiya isə azalır. İndi ən birinci hədəf müvəqqəti yumşalmadan sonra büdcə konsolidasiyasını bərpa etmək və bu yaxınlarda hədəf diapazonuna qayıdan inflyasiyanın xarici risklər və daxili təzyiqlər fonunda yenidən yüksəlməməsini təmin etməkdir. Orta və uzunmüddətli perspektivdə Azərbaycanın ən böyük məqsədi karbohidrogen sektorundan asılılığı azaltmaq və özəl sektorun rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyasını təşviq etməkdir”, - IMF iqtisadçıları hesab edirlər.
Onların fikrincə, ortamüddətli perspektivdə ölkədə karbohidrogen hasilatı azalacaq: “Karbohidrogen hasilatının tədricən azalmağa davam edəcəyi proqnozlaşdırılır, çünki neft hasilatının gözlənilən struktur azalması qaz hasilatının artması hesabına yalnız qismən kompensasiya olunacaq. Bu baxımdan özəl sektor daha mühüm rol oynamalı olacaq ki, bu da, digər məsələlərlə yanaşı, hələ də çox böyük olan dövlət sektorunun problemlərinin həllini və idarəetmənin təkmilləşdirilməsini tələb edəcək. Bərpa olunan enerji sektorunun inkişafı həmçinin Azərbaycanın iqlimlə bağlı öhdəliklərini yerinə yetirməsi ilə yanaşı, diversifikasiyaya da töhfə verəcək”.
Hesabata əsasən, iqtisadiyyatın şaxələndirilməsi idarəetmənin gücləndirilməsi, dövlət müəssisələrinin rolunun məhdudlaşdırılması və iqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində islahatlara səbəb olacaq.
“Maliyyə şəffaflığının və məhkəmə sisteminin müstəqilliyinin təkmilləşdirilməsində irəliləyiş, habelə dövlət müəssisələrində özəl sektorun iştirakını artırmaq və onların maliyyə sağlamlığını yaxşılaşdırmaq üçün davamlı səylər biznes mühitinin yaxşılaşdırılmasına, özəl investisiyaların artırılmasına və məhsuldarlığın yüksəldilməsinə kömək edəcək. Hökumətin iqlimlə bağlı öhdəliklərini yerinə yetirmək səyləri çox təqdirəlayiqdir və əlaqədar maliyyə yükünü hesablamaq, eləcə də qalıq yanacağa subsidiyaların mərhələli şəkildə dayandırılması kimi əlavə tədbirlər vasitəsilə onu azaltmaq onlar üçün faydalı olacaq”.
IMF-nin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i nominal ifadədə 135,534 milyard manat (79,726 milyard ABŞ dolları), o cümlədən qeyri-neft ÜDM-i 86,323 milyard manat, 2025-ci ildə 140,72 milyard manat (82,776 milyard ABŞ dolları), o cümlədən qeyri-neft ÜDM-i 93,838 milyard manat, 2026-cı ildə 146,474 milyard manat (86,161 milyard ABŞ dolları), o cümlədən qeyri-neft ÜDM-i 101,493 milyard manat, 2027-ci ildə 152,568 milyard manat (89,746 milyard ABŞ dolları), qeyri-neft ÜDM-i 109,247 milyard manat, 2028-ci ildə isə 159,409 milyard manat (93,77 milyard ABŞ dolları), o cümlədən qeyri-neft ÜDM-i 117,548 milyard manat təşkil edəcək.