Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini müzakirə etməsi hər iki dövlətin beynəlxalq siyasi proseslərə vahid mövqedən yanaşdıqlarını göstərir.
NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi və bunun tərkibinə daxil olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu ümumilikdə Orta Dəhlizə daxil olan bu layihədir. Bu yol yalnız Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır, həmçinin bu layihələr Avropa ilə Asiyanın birləşdirən beynəlxalq tranzit yollardır.
Türkiyədə fəaliyyət göstərən Siyasi, İqtisadi və Cəmiyyət Araşdırmaları Fondunun xarici siyasət üzrə müşaviri Can Acun bildirib ki, Azərbaycan və Türkiyə hökumətləri layihənin iqtisadi və həm də siyasi əhəmiyyətini nəzərə alıb, onun tez bir zamanda həyata keçirilməsini istəyirlər. 2020-ci ilin fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Bununla yanaşı, ötən ilin sentyabr ayının 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.
Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu 224 kilometr uzunluğunda və 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.
C. Acun qeyd edib ki, Ermənistan qədər kiçik və iqtisadi cəhətdən zəif bir dövlətin Zəngəzur dəhlizinin açılmasına necə münasibət bəsləməsi heç nəyi həll etməyəcək.
“Dəhliz açılacaq. Çünki ortada bir ildə quru yolla Şərqdən Qərbə 840 milyard dollar həcmində yük ixrac edən Çinin və bu yükün çatdırıldığı Avropa İttifaqı ölkələrinin böyük maraqları dayanır. Türkiyə ilə Azərbaycanın bu yolun tikilib istismara verilməsi üçün iqtisadi potensialı var”, - deyə Can Acun vurğulayıb.