Naxçıvanda “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı görüş keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, martın 1-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi ilə bağlı təlim-konfrans keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək 2023-cü ili muxtar respublika üçün əlamətdar və uğurlu il kimi dəyərləndirib. Bildirib ki, ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi geniş qeyd edilib, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramı təsdiq olunub. Ötən il Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Naxçıvanda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib, onların problemlərinin həlli, şəffaf biznes mühitinin formalaşması istiqamətində mühüm addımlar atılıb.
Səlahiyyətli nümayəndə qeyd edib ki, ötən dövrdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planı hazırlanaraq icrası üçün maliyyə vəsaiti ayrılıb. Bu cür layihələrin icrasında dövlət satınalmaları üzrə proseslərin səmərəli təşkili mühüm önəm daşıyır. Bu istiqamətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyini xüsusilə vurğulayan səlahiyyətli nümayəndə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində birgə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Fuad Nəcəfli vurğulayıb ki, muxtar respublikada bir sıra qurumlarda komplektləşdirmələr tam yekunlaşdırılmayıb. Əvvəlki idarəetmə sistemi üzrə ortaya çıxan nöqsanlar icra məsələlərində müəyyən problemlərə səbəb olur. Xüsusilə dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub. Dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi bu istiqamətdə ortaya çıxan problemlərin həllində, şəffaflıq prinsipinin təmin olunmasında və sözügedən sosial-iqtisadi inkişaf proqramının icrasında çox faydalıdır.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli tədbirin təşkilinə və səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarova və nazirliyin kollektivinə təşəkkür edib, təlim-konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov ötən il ərzində dövlət satınalmaları sahəsində görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Bildirilib ki, dövlət satınalmaları sahəsində nəzarət tədbirlərinin nəticəsi kimi 9,5 milyon manat və ya 16 faiz dövlət vəsaitinə qənaət edilib. Qənaətin 92,5 faizi açıq tender, 0,3 faizi təkliflər sorğusu, 7,2 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub. Satınalma prosedurlarının nəticələrinə dair satınalan təşkilatlardan daxil olan 534 yekun protokolun 8,8 faizində nöqsanlar aşkar edilib və bununla əlaqədar həmin satınalmaların nəticələri ləğv edilib. 2023-cü ildə muxtar respublikada keçirilən satınalmaların toplam dəyəri 59,2 milyon manat olub ki, bu da ötənilki büdcə xərclərinin 10 faizindən çoxunu təşkil edib.
Vurğulanıb ki, 2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikada dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə iki təlim keçirilib, 250-yə yaxın dövlət müəssisə və təşkilatı iştirak edib.
Sonra Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilən Seymur Cəfərov kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət satınalmalarının rəqabət mühitinin formalaşmasına təsirlərindən bəhs edib, həmçinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununda satınalma prosedurlarının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsinin sahibkarları satınalmalarda daha aktiv iştiraka təşviq edəcəyini qeyd edib.
Məmməd Abbasbəyli bildirib ki, istehlakçıların hüquq və mənafelərinin qorunması əsas məqsəddir, bu məqsədi hədəf alan yeni qanun rəqabət əsaslı dayanıqlı iqtisadi inkişafı təmin edəcək. Yeni mexanizmlə tənzimlənən dövlət satınalmaları prosesinə uyğun olaraq 20-yə yaxın qayda müəyyənləşdirilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib. Nəticədə, bütün dövlət satınalmaları prosesi elektronlaşaraq sahibkarlar üçün əlçatanlıq, eləcə də şəffaflıq və optimallaşma prinsipləri əsasında qurulub.
Təlim-konfransda yeni qanunun əhatə dairəsinin genişlənməsi, üstünlükləri və nəzarət mexanizmləri barədə məlumat verilib, dövlət satınalmalarının vaxtında və düzgün planlaşdırılmasına dair müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.