NUHÇIXAN xəbər verir ki, bunu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi mövzusunda keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov ötən il ərzində dövlət satınalmaları sahəsində görülən işlər və həyata keçiriləcək tədbirlər barədə çıxışında qeyd edib. O, bildirib ki, dövlət satınalmaları sahəsində nəzarət tədbirlərinin nəticəsi kimi 9,5 milyon manat və ya 16 faiz dövlət vəsaitinə qənaət edilib. Qənaətin 92,5 faizi açıq tender, 0,3 faizi təkliflər sorğusu, 7,2 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.
Qeyd edilib ki, satınalma prosedurlarının nəticələrinə dair satınalan təşkilatlardan daxil olan 534 yekun protokolun 8,8 faizində nöqsanlar aşkar edilib və bununla əlaqədar həmin satınalmaların nəticələri ləğv edilib. 2023-cü ildə muxtar respublikada keçirilən satınalmaların toplam dəyəri 59,2 milyon manat olub ki, bu da ötənilki büdcə xərclərinin 10 faizindən çoxunu təşkil edib.
Vurğulanıb ki, 2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikada dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə iki təlim keçirilib, 250-yə yaxın dövlət müəssisə və təşkilat iştirak edib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət satınalmalarının rəqabət mühitinin formalaşmasına təsirlərindən bəhs edib, həmçinin “Dövlət satınalmaları haqqında” yeni Qanunda satınalma prosedurlarının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsinin sahibkarları satınalmalarda daha aktiv iştiraka təşviq edəcəyini qeyd edib.