Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin sayı 2 dəfədən çox artıb.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bu gün Bakıda keçirilən Türk Dövlətləri İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, bununla yanaşı Naxçıvanda vergi daxilolmaları 29 % artıb.
O vurğulayıb ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib: "Naxçıvanın tam potensialından istifadə etməklə məqsədimizə nail olmaq hədəflənir. Dövlət proqramı 11 prioritetdən ibarətdir. Prioritetlərə əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, ixracyönümlü sənayenin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizmin inkişafı, elektrik enerjisinin istehsalı və ixracı, sosial sektorun inkişafı və digər məsələlər daxildir".
O qeyd edib ki, Naxçıvanda azad iqtisadi zonanın yaradılması ilə bağlı konsepsiyanın hazırlanması əsas başlıca hədəflərdəndir: "Burada iqtisadiyyatın əsas prioritet sahələrində ciddi güzəştlərinin tətbiqi ilə sahibkarlığın inkişafına böyük töhfə verilməsi planlaşdırılır. Muxtar Respublikanın potensialı böyükdür. Qarşımızda 4 hədəf dayanır, yaşıl enerji, aqrar sahə, turizmin inkişafı və logistik nəqliyyat dəhlizinin yaradılmasıdır".