Naxçıvan “Türk Dövlətləri İqtisadi Forumu”nda təmsil olunub - YENİLƏNİB - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” keçirilib.

Forum ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markalarının beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyır.

Forumda “Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və töhfəsi”, “Çin yoxsa Hindistan yolu?”, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını - qadın sahibkarlığının inkişafı”, “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı panellər keçirilib. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş mütəxəssislər çıxış ediblər.

Milli Məclisin deputatı Nigar Arpadarainin moderatorluğu ilə keçirilən “Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və töhfəsi” mövzusunda ilk panel müzakirəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edib.

“Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verən Samir Seyidəhmədli diqqətə çatdırıb ki, sözügedən proqram 11 prioritet istiqamətdən ibarətdir. Burada əlverişli biznes mühitinin, ixracyönümlü sənayenin yaradılması, sosial sahənin, insan kapitalının, ticarətin infrastruktur təminatının və turizmin inkişafı, institusional inkişaf, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, elektrik enerjisi istehsalı və ixracı, eləcə də ətraf mühitin mühafizəsi prioritetlər sırasındadır. Proqramda yer alan mühüm 3 əsas istiqamət muxtar respublikanın iqtisadi inkişafının qısa müddətdə dirçəlməsinə yönəlmiş çox vacib komponentləri özündə birləşdirir. Belə ki, iqtisadiyyatın əsas sahələrinə vergi güzəştlərini, sosial sığorta öndənişləri sahəsinə güzəştləri, gömrük rüsumlarına dair güzəştləri və logistik dəstəyi, aşağı faizli kreditlərin verilməsini özündə ehtiva edir.

Səlahiyyətli nümayəndənin müavini muxtar respublikanın potensialını diqqətə çatdıraraq vurğulayıb ki, qarşıda əsas 4 hədəf dayanır. Bu sahələr “yaşıl enerji”, aqrar sahə, turizmin inkişafı və logistik nəqliyyat dəhlizinin yaradılmasıdır. Bildirib ki, 2023-cü ildə Naxçıvanı “yaşıl enerji” zonası elan edən Prezident cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı qeyd edib ki, Naxçıvanın nefti, qazı olmasa da, qızmar günəşi var və bu potensialdan düzgün istifadə olunmalıdır. Beləliklə, dövlət proqramında da alternativ enerji istehsalı və ixracı ən əsas məslələrdən biridir. Bununla bağlı çox ciddi işlər görülüb, 8 min hektar yer ayrılıb. Bunun 5 min hektarı Günəş, 3 min hektarı isə külək enerjisinin istehsalı üçün nəzərdə tutulub. Bu məqsədlə memorandum imzalanıb və artıq istehsalın başlanması üçün addımlar atılmağa başlanılıb.

Samir Seyidəhmədli vurğulayb ki, muxtar respublikanın əlverişli təbiəti təbii məhsulların istehsalına və təşviqinə gətirib çıxarır. Sosial-iqtisadi inkişafa dair dövlət proqramında da “Orqanik Naxçıvan” brendi adı altında kənd təsərrüfatı məhsullarının ölkə və dünya bazarına çıxarılması üçün əməli addımlara başlanılıb. Bu istiqamətdə konsepsiya artıq hazırlanıb və həyata keçirilməsi üçün ayrıca bir qurum yaradılıb. Naxçıvanın turizm atlasının hazırlanması istiqamətində ciddi addımlar atıldığını önə çəkən Samir Seyidəhmədli qeyd edib ki, bu sahədə infrastrukturun yenidən qurulması, yeni turizm məhsullarının təqdim edilməsi ilə bağlı layihələr hazırlanıb. Bildirib ki, muxtar respublikanın coğrafi mövqeyi burada logistik tranzit dəhlizin geniş imkanlarını bir daha göstərir və dövlət proqramında da bununla bağlı xüsusi tədbirlərin icrası nəzərdə tutulub. Araz çayı üzərində yeni Türkiyə-Azərbaycan körpüsünün, geniş avtomobil yolunun salınması, dəmir yolunun layihələndirilməsi bu istiqamətdə əsas addımlardandır.

Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında ticarət fəaliyyəti ilə bağlı bir çox xüsusi məqamları qeyd edən səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, 2016 və 2021-ci illərdə Türkiyə Nazirlər Kabinetinin müvafiq qərarları sərhəd ticarətinin tənzimlənməsində mühüm rol oynayır. Bu da Naxçıvan və Türkiyənin yaxın vilayətləri arasında məhsul dövriyyəsinin rüsumsuz tətbiqinə geniş imkanlar yaradır. Görülmüş işlər artıq öz nəticələrini verir. 2023-cü ildə Naxçıvandan Türkiyəyə ixrac 51 faiz, muxtar respublikada yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin sayı 2 dəfədən çox, vergi daxilolmaları isə hər hansı bir inzibati tədbir görülmədən 29 faiz artıb. Beləliklə, dövlət proqramının verdiyi imkanlar, gələcəkdə tranzit logistik dəhlizin yaradacağı fürsətlər Naxçıvanda mühüm logistik hab, ticarət mərkəzi imkanlarını artırır. Bütün bunlar investisiya qoyuluşu üçün yeni imkanlar yaradacaq. Samir Seyidəhmədli çıxışında qardaş ölkələrimizin iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

Qeyd edək ki, 12 şirkət tərəfindən məhsul və xidmətlərin sərgiləndiyi forumda, ümumilikdə, 500-ə yaxın yerli və xarici qonaqlar, sahibkarlar, ziyarətçilər, media nümayəndələri və iş adamları iştirak edir. Forum hər il müxtəlif türk dövlətlərində davamlı olaraq keçiriləcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: