Naxçıvandan Türkiyəyə ixracın həcmi 28% artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasından (MR) Türkiyəyə ixracın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28% artıb.

NUHÇIXAN xəbər verir ki, bunu mayın 15-də Naxçıvanda keçirilən “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda keçirilən tədbirdə Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

O bildirib ki, 2024-cü ilin ilk dörd ayı ərzində Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutub. Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28% artıb. Ümumilikdə Naxçıvanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 32,2 milyon dollar olub ki, ticarət dövriyyəsində Türkiyənin payı 52,7% təşkil edib.

Naxçıvandan Türkiyəyə mineral sular, vafli məmulatları, tütün məmulatları, elektrik enerjisi, mebel, tikinti materialları, travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.

Qeyd olunub ki, Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin 78%-i Türkiyəyə məxsusdur. Hazırda muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində Türkiyədən olan iş adamları ilə birgə və ya müştərək əsaslarla yaradılmış 146 sahibkarlıq subyekti qeydiyyata alınıb. Onların 55%-i və ya 80-i aktiv fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: