Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb
Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb.
Bu barədə NUHÇIXAN-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin Fərmanına, Nazirlər Kabinetinin onun icrası ilə bağlı müvafiq qərarına əsasən, yemək xərci, kommunal və digər xidmətlər üzrə məcburi köçkünlərə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsi davam etdirilir.
Bildirilib ki, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara da sosial dəstək məqsədilə vahid aylıq müavinət verilib.
"Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib. Bununla əlaqədar, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb", - məlumatda deyilir.
Bildirilib ki, eyni qərar Cəbrayıl rayonunun işğaldan azad edildikdən sonra 2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndinin geri qayıdıb daimi məskunlaşan sakinlərinə də şamil olunub.
"Mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulur", - komitədən bildirilib.