“Azexport” Naxçıvanda sahibkarlarla görüş keçirib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri elektron ticarət biliklərinin sahibkarlara çatdırılması məqsədilə Naxçıvan Biznes Mərkəzində görüş keçirib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə muxtar respublikada fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak edib.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, ixrac imkanlarının genişləndirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son illər regionların inkişafı ilə bağlı müvafiq Dövlət proqramlarına uyğun olaraq kompleks tədbirlər görülür. Xüsusi iqtisadi zonaların yaradılması, tənzimləmə və inzibati prosedurları sadələşdirməklə, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sənaye şəhərciklərinin, biznes inkubatorların yaradılması istiqamətində görülən işlər və digər tədbirlər ölkəmizdə istehsalın genişlənməsində, ixrac imkanlarının artmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.
Ayxan Qədəşov sahibkarlara portalın imkanlarına dair məlumat verərək, onları əməkdaşlığa dəvət edib. Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib, həmçinin Azexport.az-a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə geniş məlumat verib.
Daha sonra mövzu ilə bağlı sahibkarlarla müzakirələr aparılıb.