Ötən il ərzində Azərbaycanın sığorta sektoru tərəfindən həm sahibkarlara, həm əhaliyə dəyən zərərlərin ödənişi 600 milyon manata çatıb.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.
Z. Əliyev bildirib ki, son 4 ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb: "Ötən il sığorta ödənişlərinin həcmi tarixi rekord göstərərək 1 milyard 265 milyon manata çatıb. Sığorta olunan predmetlərin sayı artıq 7 milyondan çoxdur. Bu göstərici hər il böyüməkdə davam edir.
Sığorta sektorunun verdiyi təminatın həcmi, sığorta məbləğinin həcmi artıq yarım trilyon manata çatır. Bunu illik ÜDM ilə müqayisə etsək 4-5 dəfə yüksəkdir".