“Aztelekom” MMC internetin sürətini artırır.
NUHÇIXAN Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, şirkət iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.
Bu addım ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qorunması məqsədi daşıyır. Sözügedən yenilik nəticəsində sürətli internet müştərilər üçün daha əlçatan olacaq.
Qeyd edək ki, “Aztelekom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşlarındandır.
Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.
Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu da ölkədə olan təsərrüfatların 78 faizini təşkil edir. Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.