Azərbaycan İndoneziyadan 3 000-ə yaxın avtobus almağı planlaşdırır.
NUHÇIXAN xarici mətbuata istinadən məlumat verir ki, bunu İndoneziya Xalq Məşvərət Şurasının sədri Bambang Soesatyo Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyev ilə görüşündə deyib.
O bildirib ki, bu yaxınlarda Azərbaycan ölkədə nəqliyyat vasitəsi kimi istifadə üçün “PT Powerspark” Koreya-İndoneziya şirkətindən 3 000-ə yaxın avtobus almaq istəyir.
Qeyd edək ki, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakı şəhərində 180 marşrut xətti üzrə 2 min avtobus fəaliyyət göstərdiyini deyib: "Paytaxtda avtobusların sayının 2 500-ə çatdırılması nəzərdə tutulur".
Onun sözlərinə görə, bu ilin sonuna qədər Bakıda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır.
İndoneziya Xalq Məşvərət Şurasının sədri həmçinin qeyd edib ki, İndoneziya Azərbaycan üçün xam palma yağı, kokos yağı, ağac materialları, üzlənmiş panellər, tekstil və qəhvə tədarükçüsüdür: “1992-ci il sentyabrın 24-də diplomatik münasibətlər qurulandan siyasət, ticarət, sosial, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq həyata keçirilib. Azərbaycan İndoneziya üçün xam neft tədarükçüsünə çevrilir və dövriyyə əsas əmtəələri neft və qaz olmaqla təxminən 255,7 milyon ABŞ dollarına çatacaq”.