Bakı Enerji Həftəsi bir daha təsdiqləyir ki, Azərbaycan enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib
Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlər və anlaşma memorandumları Azərbaycanda bərpa olunan enerji mənbələrinin yüksək sürətlə qurulmasına xidmət edir. Bu gün Bakı nüfuzlu tədbirlərin təşkil edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasəti nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Ölkəmizdə reallaşdırılan mühüm və beynəlxalq layihələrdən biri də iyun ayının 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasiminin keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. “Caspian Oil & Gas” sərgisi artıq uzun vaxtdır ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib. Tədbir çərçivəsində bir çox dünya ölkələrindən olan şirkətlərin Bakıya toplaması heç də təsadüfi deyil.
Məhz açılış mərasimində moderator tərəfindən səsləndirilən “İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəsarətli bir addım olub... Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir, iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur” fikirlər ölkəmizin gün-gündən artan nüfuzunun aydın təzahürüdür.
Açılış mərasimində çıxış edən cənab İlham Əliyev Bakı Enerji Həftəsini yüksək qiymətləndiriərək qeyd etdi: ”Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir”.
Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında yer aldı. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirak etməsi, İsveç, Hindistan və Sloveniyadan olan şirkətlərin ilk dəfə tədbirə qatılması, sərgi sahəsinin 40 faizinin tanınmış şirkətlərin daimi iştirakçılarına məxsusluğu ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir.
Bakı Enerji Həftəsinin açılışına Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin məktub ünvanlaması isə Bakının ev sahibliyi etdiyi enerji forumunun nadir toplantılardan olduğunu göstərməklə yanaşı, Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə tutarlı cavabdır. Açılışda iştirak edən ABŞ nümayəndəsi Harri Kemianın “Birləşmiş Ştatlar və Azərbaycan güclü ikitərəfli əlaqələrə malikdir. Azərbaycan regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş olmağa davam edir… Amerika Birləşmiş Ştatları COP tədbirinin uğurla keçirilməsi üçün qarşıdan gələn aylarda Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir”- səsləndirdiyi fikirlər əslində Ağ Evin ölkəmizlə münasibətlərində yeni mərhələnin formalaşmasından xəbər verir. İki dövlət arasında əlaqələr və siyasi münasibətlər ulu öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində formalaşıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcuddur. Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. Bu, təhlükəsizlik seqmenti üzrə əməkdaşlığın dərinləşməsinə imkan yaradıb.
Bir həftə ərzində ABŞ Prezidenti tərəfindən Azərbaycan liderinə ard-arda iki təbrik məktubunun göndərilməsi əslində Qarabağın Azərbaycana məxsusluğunun açıq şəkildə bəyan edilməsidir. Ölkənin Bakıdakı baş diplomatının Şuşa səfəri və Cozef Baydenin ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı qəti mövqeyi ölkəmizin bölgədəki lider rolunun dünyanın ən qüdrətli dövləti tərəfindən birmənalı olaraq qəbul olunduğunu göstərir.
OPEC Baş katibi cənab Prezidentin OPEC təşkilatına daimi öz dəstəyini göstərməsindən və balanslı, sabit bazarların təmin olunmasında böyük rolundan danışaraq, Prezident İlham Əliyevi OPEC-in böyük dostu eyni zamanda, həm OPEC, həm də qeyri-OPEC neft istehsal edən ölkələr arasında böyük dəstəkçi olduğunu bəyan etdi: “Faktiki olaraq, Zati-aliləri Prezident Əliyev deyərdim, azsaylı qlobal liderlərdən biridir ki, OPEC və qeyri-OPEC istehsalçılarını hələ 2016-cı ildə bir araya gətirmişdir. Belə ki, həmin vaxt əməkdaşlıq haqqında Bəyannamə imzalanıb və o vaxt bu, OPEC+ sazişi kimi tanınmışdır”.
Bu ilki Bakı Enerji Həftəsi həm də əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür.
Bir sözlə Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirərək bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir, əhəmiyyətli tərəflərin bir araya gəldiyi dialoq məkanına çevirir. Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin formalaşmasında əhəmiyyətli rola malikdir. Bu baxımdan Bakı Enerji Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır.
Arzu Abdullayev
Naxçıvan Dövlət Universitetinin prorektoru,
tarix üzrə fəlsəfə doktoru, dosent