Euronews: Azərbaycan və BƏƏ bərpa olunan enerji layihələri həyata keçirir

A- A A+

“Euronews” telekanalının saytında Bakı və Əbu-Dabi tərəfindən Azərbaycanda birgə həyata keçirilən ümumi gücü 1000 MVt olan üç irimiqyaslı günəş və külək layihəsi haqqında məqalə dərc olunub.

NUHÇIXAN-ın məlumatına görə, məqalədə qeyd olunub ki, hər iki ölkə Azərbaycanda gücü 1000 MVt olan üç böyük günəş və külək elektrik stansiyasının tikintisi ilə bağlı birgə qərar qəbul ediblər və bu elektrik stansiyalarının təməlqoyma mərasimi iyunun 4-də, Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.

Bununla bağlı Azərbaycan Prezidenti “Euronews”a deyib: “Bu hadisə əslində bizim yaşıl gündəliyimizi, eyni zamanda bizim mövqeyimizin təkcə qalıq yanacaqlara sərmayə qoyanlar üçün deyil, həm də bərpa olunan enerjiyə sərmayə qoyanlar üçün cəlbedici olduğunu nümayiş etdirir. “Masdar” bərpa olunan enerji sahəsində bizim strateji tərəfdaşımızdır”.

Qeyd olunub ki, üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt olacaq. Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa ediləcək. Bu da öz növbəsində ildə 496 milyon kubmetr təbii qaza qənaət etməyə və 943 min tondan çox karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək.

Materialda Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, “Masdar”ın rəhbəri və COP28-in prezidenti Sultan Əhməd Əl-Cabiri açıqlamalarına da yer ayrılıb.

“Biz Azərbaycanla bərpa olunan enerji potensialını əhəmiyyətli dərəcədə genişləndirilməsində tərəfdaş olmaqdan qürur duyuruq. Azərbaycanın enerjinin şaxələndirilməsinə, yeni sənaye sahələrinin stimullaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və onun davamlı iqtisadi artımına gedən yolunu dəstəkləyirik”.

Nazir bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmağı hədəfləyir:

“Bu, həqiqətən, mədən yanacaqlarından kapital əldə edən bir ölkənin indi onu bərpa olunan enerjinin inkişafına necə yönəltdiyini və COP29-a ev sahibliyi edən bir ölkə kimi nümayiş etdirir. “Yaşıl keçid”in liderləri arasında olmaq da bizim borcumuzdur”, - deyə İlham Əliyev əlavə edib.

Telekanal onu da qeyd edib ki, 37 ölkədən 300-dən çox şirkətin toplaşdığı qlobal enerji təqviminin ən mühüm hadisələrindən biri olan Bakı Enerji Həftəsinin açılışında daha təmiz enerji həllərinə keçmək, süni intellektdəki nailiyyətləri tətbiq etmək və inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımı təşviq etmək çağırışları olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: