Azərbaycanda 2027-ci ilə qədər neft-qaz hasilatı ilə bağlı proqnozlar və perspektivli layihələr açıqlanıb

A- A A+

Azərbaycanda neft hasilatı 2027-ci ilə qədər gündəlik orta hesabla 0,65 milyon barel səviyyəsində qalacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

“Son illərdə hasilat davamlı olaraq azalma tendensiyasına malikdir, çünki “Azəri-Çıraq-Günəşli” kimi əsas neft yataqları köhnəlir və hasilat sutkada 0,65 milyon barelə qədər azalıb. Nəticədə Azərbaycan “OPEC+” tərəfindən ona ayrılan kvotalardan ardıcıl olaraq aşağı hasilat həyata keçirir. Növbəti bir neçə il ərzində bu istiqamətdə müəyyən stabilləşməni gözləyirik, çünki bəzi yataqlarda davam edən azalmalar digərlərində tutumun cüzi artımı ilə kompensasiya edilir. Lakin uzunmüddətli perspektivdə hasilatla bağlı azalmanın davam edəcəyi ehtimalı var”, - beynəlxalq reytinq agentliyinin analitikləri bildiriblər.

Hesabata görə, qaz hasilatı ildə təxminən 35-36 milyard kubmetr səviyyəsində sabitləşəcək: “BP-nin operator olduğu əsas “Şahdəniz-2” qaz yatağında hasilata başlanılan (təxminən 16 milyard kubmetr) 2018-ci ildən Azərbaycanda qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. Nəzərə alsaq ki, hasilat artımının böyük hissəsi artıq baş verib, hesab edirik ki, Azərbaycan bu yataqdan qaz hasilatının pik həddinə yaxınlaşır və bu, bir neçə il davam edəcək”.

Agentliyin analitikləri vurğulayıblar ki, uzunmüddətli perspektivdə qaz hasilatını daha da genişləndirə biləcək bir neçə layihə var: “Buraya “Abşeron” yatağının işlənməsinin növbəti mərhələsi (hasilatın ildə 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırılması) və “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından (“deep-gas”) “mavi yanacağ”ın hasilatı daxildir”.

S&P həmçinin qeyd edir ki, Cənubi Qafqaz Əsas İxrac Boru Kəməri tam gücü ilə işləyir: "Buna görə də Avropaya daxil olmaqla istənilən əlavə xalis qaz ixracı üçün boru kəməri infrastrukturunun daha da genişləndirilməsi tələb olunacaq. Bu zaman isə Azərbaycan və onun qazının əsas avropalı alıcıları arasında uzunmüddətli tədarük həcmi və qiymətləri ilə bağlı razılaşmalar lazım olacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: